Məcid Seyidov “Altay” idman klubunun fəaliyyəti ilə tanış olub

Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov Naxçıvan Muxtar Respublika Stadionunda “Altay” idman klubunu məşq prosesini izləyib, azyaşlı futbolçularla həmsöhbət olub, klubun məşq şəraiti ilə maraqlanıb.
Klubun təsisçisi Pərviz Hacılı məlumat verib ki, bir ildən artıqdır fəaliyyət göstərən klubda uşaqlara futbolun əsasları UEFA C kateqoriyalı məşqçilər tərəfindən öyrədilir. Qısa müddət ərzində azyaşlı futbolçular Bakı şəhərində və Türkiyədə seleksiya məşqlərində də iştirak ediblər. O, həmçinin klubun gələcək inkişaf planları və qarşıya qoyulan hədəflər barədə məlumat verib.
Görüş zamanı klubun fəaliyyətinin genişləndirilməsi və məşq şəraitinin yaxşılaşdırılması istiqamətində müzakirələr aparılıb. Məcid Seyidov kluba zəruri dəstəyin göstərilməsi imkanlarının nəzərdən keçirildiyini və bu istiqamətdə lazımi tədbirlərin görüləcəyini diqqətə çatdırıb.
Sonda azyaşlı futbolçularla söhbət aparılıb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb və xatirə fotosu çəkdirilib.